Şriftin ölçüsü :

Saytın rəngi :

Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür

16 iyul 2020 | 16:00

Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür
"...Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq".
                                   İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti,
                                   Ali Baş komandan
     İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır.
      Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazır olduğunu, düşməndən dəfələrlə üstün olduğunu bir daha bütün dünyaya sübut etdi. Ermənilər özləri sosial şəbəkələrdə yazırlar ki, 30-dan çox itki veriblər. Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən yayılmış videolarda cavab olaraq düşmən mövqelərinə güclü zərbə endirilməsi ilə qarşı tərəfin xeyli sayda  canlı qüvvəsi və texnikası məhv edildiyi görünür.
     Paşinyan hökuməti Azərbaycan ilə sərhəddə atəşkəsi pozaraq son zamanlarda ona qarşı revanş alan siyasi müxalifətin fəaliyyətini məhdudlaşdırmağa, Azərbaycanın düşmən obrazını qabardaraq erməni xalqını həmrəyliyə dəvət etməyə səy göstərir.
     Ermənistan tərəfinin sərhəddə atəşkəs rejimini kobud şəkildə pozması Ermənistan hakimiyyətinin pandemiyaya qarşı mübarizəsinin uğursuz olması səbəbilə daxili narazılığın artdığı dövrə təsadüf edir. Paşinyan hökuməti bununla müxalifləri susdurmağa çalışır.
    Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib.
    Ermənistan hakimiyyəti əvvəllər olduğu kimi bu dəfə də ölən və yaralanan hərbçilərin sayını gizlədir, real rəqəmləri açıqlamır. İşğalçı ölkənin baş naziri Nikol Paşinyan bununla sıravi ermənilərin qəzəbindən yayınmağa çalışır. Əgər hökumət itkilərin real sayını açıqlasa onsuz da Paşinyandan bezmiş ermənilər ayağa qalxacaqlar və bunun səbəbini soruşacaqlar. Ona görə də erməni tərəfi itkilərini gizlədir.
      İşğalçı ölkənin bu təxribat hücumu ilə nail olmaq istədiyi hədəflər var idi, lakin Azərbayan Ordusu bu planları alt-üst etdi.
     Azərbaycanın dünyada nüfuzunun, çəkisinin günü-gündən daha da artması, beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı qıcıqlandırır. Ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanı erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir.
       Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat onu göstərir ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğalda saxlamaqdan ibarətdir. Ermənistan uzun müddətdir ki, belə hərbi avantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır.
     Dünyanın COVİD-19-a qarşı mübarizə apardığı şəraitdə Ermənistan tərəfindən bu hücum və təxribat əməlinin törədilməsi bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVİD-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey deyildir.
     İyulun 12-də baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi Bu, bir tərəfdən Azərbaycan cəmiyyətinə vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi.
      Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.
     Ermənistanın atəşkəsi kobud şəkildə pozmasını ATƏT Minsk qrupu həmsədr ölkələri, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qınanmayıb. ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspirşik də  məsələyə münasibət bildirməyib. Biz bu təşkilatların, qurumların Ermənistanın növbəti təxribatına öz münasibətlərini bildirmələrini tələb edirik.
      Ermənistanın təxribatçı ordusunun atəşkəsi pozaraq Tovuz istiqamətində Azərbaycan sərhədlərini pozması nəticəsində şəhid olanlar var. Yüksək rütbəli hərbçilərimiz qəhrəmancasına şəhid olublar. Allah şəhidlərimizə rəhmət eləsin!
    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Təhlükəsizlik Şurasındakı çıxışında dediyi kimi, həbçilərimizin qisası alınıb, bundan sonra da layiqincə alınacaqdır.

Keçidlər