Şriftin ölçüsü :

Saytın rəngi :

ƏSİRLİKDƏN AZAD OLUNMUŞ ABİDƏLƏRİMİZ

16 noyabr 2020 | 16:00

ƏSİRLİKDƏN AZAD OLUNMUŞ ABİDƏLƏRİMİZ
#Azıx paleolit düşərgəsi Qarabağın ən mənzərəli və səfalı guşəsində, #Xocavənd rayonunun Azıx kəndində, Tuğ çökəkliyində, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr, çayın müasir yatağından 100 - 120 metr yüksəklikdə yerləşir. 1960-cı ildən Məmmədəli Hüseynovun başçılığı ilə Paleolit arxeoloji ekspedisiyası Azıx mağarasında qazıntılara başladı. 1960-cı ildə Azıx mağarasında başlanan araşdırmalar 1985-ci ilədək iki mərhələdə davam etdirildi. Birinci mərhələdə aparılan arxeoloji qazıntı işləri 1960 - 1973 - cü illəri əhatə edirdi. Bu mərhələdə arxeoloji qazıntı işləri zamanı Azıx paleolit düşərgəsinin çöküntülərində 6 mədəni təbəqə qeydə alındı. Düşərgənin I və II təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı Orta əsrlər, #Tunc və #Eneolit dövrlərinə aid maddi mədəniyyət qalıqları tapıldı. 1968 - ci ilin iyun ayında M.M.Hüseynovun rəhbərliyi altında #Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin III layında daş məmulatı və heyvan sümükləri ilə bərabər qədim insana məxsus alt çənə aşkar etdi. Çənə sümüyünün 350-400 min il yaşı var. Çənə sümüyünün aid olduğu qədim insan “#Azıxantrop” (Azıx adamı) adlanır. Azıx mağarasında çənə sümüyündən başqa, alətlər, fauna və ocaq qalıqları aşkar olunubdur. Tədqiatlar göstərdi ki, Azıx sakinlərinin hazırladıqları ilk əşyalar kobud çapacaqlardan, müxtəlif daş qəlpələrdən düzəldilmiş qazıyıcı və deşici alətlərdən ibarət idi.
Azıx qədim insan düşərgəsində aparılan arxeoloji tədqiqat işlərində ilk vaxtlar, ancaq Azərbaycan alimləri iştirak edirdilər. Lakin sonralar çoxtəbəqəli paleolit düşərgəsində aşkar olunmuş maddi mədəniyyət qalıqlarının zənginliyi, burada kompleks şəkildə arxeoloji qazıntı işlərinin aparılmasını gərəkliyini ortaya çıxardı. Ona görə də Azıx paleolit düşərgəsində arxeoloqlarla yanaşı, paleontoloqlar, paleogeoloqlar, paleogeomorfoloqlar, paleoantropoloqlar və digər elm sahələrinin mütəxəssisləri tədqiqat işləri aparmağa başladılar.
Azıxda elmi tədqiqatlar aparan M.M.Hüseynov, D.V.Hacıyev, Ə.V.Məmmədov, N.Ş.Şirinov, Ə.Q.Cəfərov, A.A.Veliçko, S.D.Əliyev, M.B.Süleymanov və başqa alimlərin fəaliyyəti nəticəsində Paleolit dövrünün ayrı-ayrı inkişaf mərhələlərinə aid zəngin elmi materiallar aşkar edilmişdir.
Tədqiqi
Azərbaycanın daş dövrü düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqlarının bəşər sivilizasiyasının tarixini tədqiq etmək üçün əvəzsiz arxeoloji mənbələr olduğunu əsas tutan Fransa, İtaliya, İspaniya, Rusiya, Azərbaycan və Gürcüstan alimləri 2001-ci ildə Beynəlxalq İNTAS-2000 adlı proqram hazırlamışlar. Proqram 2001-ci ilin iyul ayında Fransanın Totavel şəhərində keçirilən beynəlxalq elmi konfransda təsdiq olunmuşdur. Həmin proqrama uyğun olaraq Ə.Q.Cəfərov Fransanın İnsan Paleoantologiya İnstitutu və Avropa Arxeoloji Tədqiqatlar Mərkəzində Azərbayanın paleolit düşərgələrinin maddi mədəniyyət qalıqları haqqında elmi məruzələrlə çıxış etmişdir. Məruzələrə Azıx, Tağlar və digər paleolit düşərgələrinin arxeoloji və paleoantoloji tapıntıları şərh edilmiş, azıxantropun çənə sümüyünün qalığının isə Qafqaz və Yaxın Şərqdə ən qədim paleoantropoloji tapıntı olduğunu bildirmişdir.
2002-ci ildə sentyabrın 7-dən oktyabrın 1-dək Beynəlxalq İNTAS-2000 proqramına uyğun olaraq Avropa ölkələrindən 22 görkəmli alim başda professor Henri dö Lümley (fr. Henry de Lumley) olmaqla Bakıya gəlib çoxtəbəqəli Azıx, Tağlar, Qazma və digər düşərgələrdən tapılmış maddi mədəniyyət qalıqları ilə tanış olmuş və bu tapıntıların dünya arxeologiya, paleontologiya və paleoantropologiya elmləri üçün müstəsna elmi əhəmiyyəti olduğunu yekdilliklə qeyd etmişlər.
Vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan torpağı 30 ilə yaxın bir müddət idi ki, erməni işğalı altında idi. Ərazi Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra mağarada dəfələrlə qanunsuz arxeoloji qazıntı işləri aparılmışdır. Son dövrlər isə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən silah anbarı kimi istifadə olunması ilə bağlı məlumatlar var idi.
Lakin Müzəffər Azərdusu Ali Baş Komandanın rəhbərliyi ilə yüzlərlə digər əsir abidələrimiz kimi Azız mağarsını da əsirlikdən azad etdi.
ABİDƏNİN PASPORTU
Abidənin inventar sayı:22
Abidənin növü:Arxeoloji abidələr
Əhəmiyyət dərəcəsi:Dünya əhəmiyyətli
Üslubu:Təbii mağara
Kateqoriya:İbtidai insan məskəni
Abidənin dövrü:Alt paleolit dövrü
Abidənin arxeoloji dövrü:Alt paleolit dövrü

Abidənin vəziyyəti:Yaxşı vəziyyətdədi

 

Keçidlər