Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Bakı şəhərində məskunlaşan Xocavənd rayon sakinləri ilə görüş keçirib.

24 fevral 2018 | 16:00

       Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Bakı şəhərində məskunlaşan Xocavənd rayon sakinləri ilə görüş keçirib.
      Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov növbəti səyyari qəbulunu 22 fevral 2018-ci il tarixdə Xocavənd RİH Başçısının Bakı şəhəri üzrə nümayəndəliyində Bakıda məskunlaşan rayon sakinləri ilə keçirib. Görüşdə rayon prokuroru Namiq Muradov, Rayon İcra Hakimiyyətinin məsul işçiləri iştirak etmişdir. Sakinlərin problemlərinin yerindəcə araşdırılması və həlli ilə bağlı məqsədyönlü tədbirlərin görülməsi məqsədi ilə keçirilən görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışaraq bu gün bölgələrimizdə, eləcə də, respublikanın ayrı-ayrı şəhərlərində məcburi köçkünlərə yaradılan şəraitdən söz açmışdır. Bildirmişdir ki, öz yurdlarından zorla qovulmuş soydaşlarımızın sosial problemlərinin həlli və mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim ölkə rəhbərinin diqqət mərkəzində olmuş, bu sahə ilə bağlı qəbul edilmiş “Dövlət Proqramları” və ona “Əlavələr”in icrası uğurla davam etdirilmiş, 2300 ailə olmaqla 12 mindən çox köçkün yeni evlərlə, mənzillərlə təmin edilmişdir. 2017-ci il həm də illərdir ki, yurd, torpaq həsrəti ilə yaşayan soydaşlarımızın qəlbindəki ümid çırağının yenidən alışdığı, Qarabağa, doğma yurda qayıdışın başlandığı il oldu. Azərbaycan dövləti ötən ilin iyun ayından “Böyük Qayıdış” planının icrasına başladı və Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq Mərcanlı kəndi məcburi köçkünlərin öz yurdlarına qayıtdıqları ilk yaşayış məskəni kimi tarixə düşdü. İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin qısa müddət ərzində bərpa edilərək yenidən qurulması, Şıxarx qəsəbəsində 1170 ailə üçün yeni şəhərciyin salınması bir daha onu göstərir ki, dövlətimiz təcavüzkar ölkənin işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq, torpaqlarının azad edilməsi üçün bütün vasitələrdən istifadə edəcəkdir.
     Çıxış edənlər mövcud olan bəzi problemlərin həlli ilə bağlı təkliflərini, maddi yardım verilməsinə, vahid aylıq müavinətə bərpa olunmasına, məcburi köçkünlük vəsiqəsinin alınmasına, evlə təmin olunma, Veteranlıq haqqında arayışın alınmasına köməklik olunması ilə bağlı məsələlər qaldırmışlar. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov sakinlər tərəfindən qaldırılmış problemlərin həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
   Görüşdə sakinlər ölkə başçısının həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti dəstəklədiklərini və müdafiə etdiklərini bildirmişlər

Keçidlər