Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Aqşin Abdullayevin xatirəsi yad edilib

01 oktyabr 2019 | 16:00

       01 oktyabr 2019-cu il tarixdə Şəhid Aqşin Abdullayevin doğum günü münasibətilə tədbir keçirilib. Tədbirdə bildirilib ki, Aqşin Abdullayev 1982-ci il 1 oktyabrda Şəki rayonunun Kiş kəndində anadan olub. 1988-ci ildə Şəki rayonu, 4 saylı Kiş kənd orta məktəbinə 1-ci sinfə daxil olmuşdur. Məktəb illərindən onun arzusu hərbçi olmaq idi. 1999-cu ildə orta məktəbi əla qiymətlərlə bitirən Aqşin həmin il Bakı Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2003-cü ildə Ali Məktəbi qurtarmış və növbəti bir ildə TTM-də (Tədris Təlim Mərkəzi) təhsil almışdır. Aqşin Abdullayev 2003-cü ildə leytenant, 2005-ci ildə baş leytenant, 2009-cu ildə kapitan və 2013-cü ildə mayor hərbi rütbələrini almışdır. 2004-2017 ci illər ərzində respublikanın müxtəlif yerlərində yerləşən hərbi hissələrdə əhəmiyyətli vəzifələrdə xidmət göstərmişdir. Son vəzifəsi xidmət göstərdiyi hərbi hissənin kəşfiyyat rəisi olmuşdur. Xidmət illərində göstərdiyi şəxsi şücaətinə, nümunəvi xidmətinə görə çoxlu sayda medal və fəxri-fərmanlarla təltif olunmuşdur. Xidməti boyu qüsursuz xidmət göstərən mayor Abdullayev "Qüsursuz Xidmətə Görə" 3-cü dərəcəli (10 illik qüsursuz xidmət) və "Qüsursuz Xidmətə Görə" 2-cü dərəcəli (15 illik qüsursuz xidmət) medalları ilə təltif olunmuşdur. O həmçinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Yubiley medalları ilə təltif edilmişdir. 2016-ci ilin aprel döyüşləri zamanı - şəxsi heyətin qarşısına qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində fərqləndiyinə görə fəxri-fərmanla təltif olunmuşdur. Mayor Aqşin Abdullayev 2017-ci il 25 fevralda, Fevral döyüşləri zamanı şəhid oldu. Nəşinin neytral zonadan götürülməsi üçün erməni təcavüzkarlarının ağır şərtlər irəli sürməsinə baxmayaraq fevralın 27-də onun və özündən başqa şəhid olan daha dörd nəfərin nəşi neytral ərazindən götürülüb.
       2019-cu ilin fevral ayında Aqşin Abdullayev və digər 4 şəhidimizin xatirəsinə Yeni Xocavənd qəsəbəsində ağac əkilmişdir.

 

Keçidlər