Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Oxlu uğrunda gedən döyüşlərdə canından keçən şəhidlərin xatirəsi yad edilib.

27 yanvar 2020 | 16:00

       Tədbirin keçirilməsində əsas məqsəd 1994-cü il yanvarın 26-da strateji əhəmiyyətə malik Böyük Oxlu yüksəkliyinin ələ keçirilməsi uğrunda gedən döyüşlərdə şəhid olan vətən övladlarının əziz xatirəsini yad etmək idi. Öncə rayon rəhbərliyi, hərbi hissə komandirləri, rayon ictimaiyyəti, ağsaqqallar, gənclər, ziyalılar, idarə, təşkilat nümayəndələri, əsgərlər Yeni Xocavənd qəsəbəsindəki abidə kompleksi önünə tər çiçəklər düzüb, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov bildirmişdir ki, 26 il öncə 704 saylı briqada tərəfindən Böyük Oxlu yüksəkliyinin ələ keçirilməsi məqsədilə növbəti hücum əməliyyatı həyata keçirilmiş və strateji əhəmiyyətli yüksəklik düşmən tapdağından azad olunmuşdur. Lakin çox dəqiqliklə həyata keçirilmiş uğurlu bir əməliyyat vahid idarəetmənin olmaması, kimlərinsə xəyanəti və ya yaramaz məsuliyyətsizlikləri ucbatından iflasa uğradı və batalyon xeyli itki verərək geri çəkilməyə məcbur oldu. Həmin döyüşdə 30-a yaxın qəhrəman vətən övladı şəhidlik zirvəsinə yüksəlib. Başçı həmçinin bildirib ki, Dağlıq və Aran Qarabağın çox böyük bir hissəsini nəzarət altında saxlamağa imkan verən bu hərbi -strateji əhəmiyyətli yüksəklik bu gün də düşmən işğalı altındadır. Lakin tam əminliklə qeyd edə bilərik ki, öz gücünü, qüdrətini 2016- cı ilin aprel döyüşlərində düşmənə göstərmiş olan ordumuzun bir həmləsi ilə, uğrunda neçə-neçə igid Vətən oğlunun qanı tökülmüş bu ərazini də düşməndən azad edəcəyik və onda 26 il bundan əvvəl bu torpaq uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhları əbədi dinclik tapacaqdır. Tədbirdə çıxış edən hərbi hissə komandirləri, veteranlar, şəhid ailələri, əməkdar müəllim Gültəkin Ağayeva tədbirin mahiyyəti haqqında geniş məlumat verdilər. Sonda Salakətin kənd tam orta məktəbinin ən fəal sinfinə Şəhid Abdullayev Şikar İbiş oğlunun adı verilib və Şəhidin şəkli məktəbin müəlliminə təqdim olunub.

 

 

 

 

Keçidlər